Sədərək şəhidlərinin anım gününə aid ehsan mərasimi keçirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək şəhidlərinin anım gününə aid ehsan mərasimində iştirak edib.
Mərasimdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə mərasimdə çıxış edərək bildirib ki, Vətən, torpaq, yurd, el-oba, bu amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımız xalqımızın qəlbində əbədi yaşayacaqdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu sədərəkli gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Sədərəyin igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu Sədərəyin hər bir sakinində hər zaman olub və bundan sonra da belə olacaq. İcra başçısı Naim Cahidzadə illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. “Bu gün özümə borc bildim ki, şəhidlərimizin mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.
Şəhid ataları, Zamanov İmran və Abdullayev İlham çıxışlarında icra başçısına və mərasim iştirakçılarına öz təşəkkürlərini bildirərək, onların şəhid ailələrinə göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndiriblər. Onlar, cənab Prezident İlham Əliyevə şəhid ailələrinə verdiyi dəstəyin onların mənəvi gücünü artırdığını və həyatlarına ümid işığı qatdığını qeyd ediblər.