Sədərək rayonunda yeni meyvə bağları salınıb

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi sərəncama əsasən Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Sədərək rayonunun əlverişli təbii-coğrafi şəraiti, bərəkətli torpaqları təsərrüfatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə təminat yaradır. Yurdumuzun torpağa bağlı insanları becərdikləri tərəvəz və meyvələrin çeşidlərini ilbəil genişləndirilməsinə səbəb oldu. İpək yolunun üstündə yerləşən rayonda bağçılığın qədim tarixi vardır. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da üzüm, alma, cəviz, armud, iydə, ərik, alça, heyva, gilənar və s. meyvələr becərilib, bu meyvələr muxtar respublikamızda və onun hüdudlarından kənarlarda belə yüksək alıcılıq qabiliyyətinə malik olub. “2023-2027-ci il üzrə Dövlət Proqramı” muxtar respublikamızda kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafının davamlılıgını təmin edir. Bu Dövlət Proqramı həm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təsərrüfat adamlarının torpağa bağlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin yerli məhsullarla təmin olunmasında əhəmiyyətlidir. Cari ildə də rayonda yerli şəraitə uyğun yeni meyvə bağlarının salınması diqqətdə saxlanılıb və yazın ilıq nəfəsi duyulduqca bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Sədərək və Qaraağac kəndlərində meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınıb. Belə ki, Oqtay Qədimov, Sədərək kəndində 3 hektar ərik və şaftalı bağı salıb. Bələdiyyə fondunun torpağından müqavilə əsasında götürdüyü sahədə 400 ədəd ərik, 100-dən artıq şaftalı tingləri əkib. 3 hektar sahədə əkilən ərik və şaftalı tingləri yerli şəraitə uyğun meyvə ağaclarıdır. Oqtay Qədimov qeyd edir ki, müxtəlif növ tingləri özümüz calaq üsulu ilə yetişdirmişik. Ümidvaram ki, ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərməklə iki-üç ilə bu bağdan məhsul əldə edəcəyik. Qaraağac kənd sakini Məmmədov Zülfüqar da pay torpaqına 1,2 hektar sahədə 600 ədəd göyçə tingi və 100-dən artıq müxtəlif növ meyvə tingləri əkərək bağ salıb. Söhbət zamanı Məmmədov Zülfüqar qeyd etdi ki, tarixən kəndimizdə müxtəlif meyvə bağları olub. Burada becərilən meyvələr öz dadı və keyfiyyətinə görə tanınıb. Bu gün muxtar respublikamızda meyvəçiliyin inkişafına göstərilən diqqət və qayğı təsərrüfat adamlarını yeni-yeni bağlar salmağa ruhlandırır. Onu da qeyd edək ki, rayonun bütün kəndlərində meyvəçiliyin inkişafı diqqət mərkəzində saxlanılır. Təsərrüfat adamları pay və bələdiyyə torpaqlarında meyvə bağlarının salınmasına üstünlük verirlər. Bağçılığın inkişaf etdirilməsi həm də yeni yaşıllıq zolaqlarının yaradılması deməkdir.