Naim Cahidzadə Qaraağac kəndində sosial və haqqı ödənilən ictimai işçilərlə səyyar görüş keçirib

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində sosial və haqqı ödənilən ictimai işçilərlə səyyar görüş keçirib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bildirdi ki, müxtəlif sahələr üzrə hər həftə Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbullar keçirilir. Səyyar qəbulların keçirilməsində əsas məqsəd müəyyən səbəblərdən qəbula gələ bilməyən, problemini, təklifini rayon rəhbərliyinə çatdıra bilməyən hər hansı bir dövlət müəssisəsində çalışanların, müəyyən peşə sahiblərinin və vətəndaşların rayon rəhbərliyinə əlçatanlığını asanlaşdırmaqdır. Bu gün də Qaraağac kəndində bağ sahələrinə qulluq üçün ayrılmış sosial və haqqı ödənilən ictimai işçilər ilə səyyar görüşün keçirilməsində məqsəd yaşıllıqlara daha yaxşı qulluq göstərilməsi üzrə addımların atılmasından ibarətdir. Ekoloji tarazlığın qorunması dövlət siyasətinin aparıcı sahələrindən biridir və bu məqsədlə ölkəmizdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, dövlətin, bələdiyyələrin, vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Yaşıllıqların qorunması da mühüm dövlət tədbiridir, bu sahədə ardıcıl və kompleks işlər görülür. Ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-sahman işlərinin görülməsi ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır. Yaşıllıqların qorunması hər bir vətəndaşın borcudur. İcra başçısı vətəndaşlarla fərdi qaydada söhbətlər aparıb, onların problemləri, qayğıları ilə maraqlanıb. İşçilərə lazımi göstəriş və tapşırıqlarını verib.
Ödənişli ictimai işlərə cəlb olunan işçilər də rayon ərazisində yeni iş yerlərinin yaradılması və onların da işlə təmin olunmaları üçün cənab Prezidentə öz minnətdarlıqlarını bildiriblər.