Naim Cahidzadə növbəti səyyar görüşünü buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər, onların valideyinləri və müəllimləri ilə keçirdib.

Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə növbəti səyyar görüşünü buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər, onların valideyinləri və müəllimləri ilə keçirdib.
Rayon rəhbəri Naim Cahidzadə görüşdə çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi illərdə atdığı addımlardan biri də gənclərin təhsilinin və hərtərəfli inkişafının diqqətdə saxlanılması idi. "Təhsil millətin gələcəyidir" ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Gənclərin təhsilinə qayğı ənənəsi daha geniş imkanlarla davam etdirildi və bu günümüzün etibarlı kadr potensialı formalaşdırıldı. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır. Ölkə başçısının təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda da təhsil ən prioritet sahə kimi əsas yer tutur. Dövlət Proqramında nəzərdə tutulan təhsil quruculuğunun əsas hədəfi gənclərin gələcəyə və mötəbər tribunalara hazırlanmasıdır. Hər bir gənc müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, özünü mənsub olduğu xalqa layiqli vətəndaş kimi hazırlamalıdır. Bütün bu qeyd olunanları nəzərə alaraq vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. İcra başçısı buraxılış imtahanında yüksək nəticə göstərən şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik edib, şagirdlərə növbəti imtahanda uğurlar arzuladı.
Daha sonra Sədərək rayon Təhsil şöbəsinin müdiri Sirac Qarayev, Azərbaycan dili və Ədəbiyyat müəllimi Vəfa Həsənova və buraxılış imtahanında yüsək nəticə göstərmiş Dəmirçi kənd tam orta məktəbinin şagirdi Müjdə Pənahova çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə, istər müəllimlər, istərsə də şagirdlər üçün yaradılmış yüksək şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda yüksək nəticə göstərən şagirdlərə icra başçısı tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.