Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində maldarlıq və heyvandarlıq təsərrüfatı ilə məşğul olan təsərrüfatçılarla görüşüb.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək bildirdi ki, müxtəlif sahələr üzrə hər həftə Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbullar keçirilir. Bu gün də Dəmirçi kəndində maldarlıq və heyvandarlıq təsərrüfatı ilə məşğul olan təsərrüfatçılar ilə səyyar görüşün keçirilməsində məqsəd kənd təsərrüfatında yaranacaq problemlərin həlli istiqamətində addımların atılmasından ibarətdir. Məlum olduğu kimi, Azərbaycanda son illərdə dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu siyasətin tərkib hissəsi olaraq ölkə əhalisinin kənd təsərrüfatı məhsulları, o cümlədən ət və süd məhsulları ilə təmin edilməsi, əsas istehlak məhsullarının idxaldan asılılığının aradan qaldırılması üçün mühüm tədbirlər görülür, davamlı və məqsədyönlü addımlar atılır. Bu tədbirlərdən biri də Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanması və icrasıdır. Heyvandarlıqda damazlıq işinin əsas vəzifəsi yüksək məhsuldar heyvanların yetişdirilməsi, mövcud cinslərin yaxşılaşdırılması, yeni daha səmərəli cinslərin yaradılmasıdır. Çəmən və otlaqlar kənd təsərrüfatı məhsullarının əldə edilməsi və insanların qida maddələrinə tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir. Hər şeydən öncə zəngin bitki örtüyü ilə çəmən və otlaqlar isti və soyuq aylarda heyvanların qidalanması üçün yem ehtiyatının toplanması mənbəyidir. Azərbaycanda heyvandarlıq geniş yayılmışdır. Bu baxımdan çəmənlik və otlaqlar iribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda böyük və kiçik təsərrüfatlar üçün əvəzedilməzdir.



