Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sədərək rayon Dəmirçi kəndinin üzvləri ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə görüşüb.

Fevral ayının 12-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sədərək rayon Dəmirçi kəndinin üzvləri ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə görüş keçirmişdir. Görüşdə çıxış edən Sədərək rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev tarixin çox az yetişdirdiyi elə nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında ölməzlik qazanmış, Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin uzaqgörən və müdrik dövlət xadimi olması artıq tarixin özü tərəfindən təsdiqlənmişdir. O, Azərbaycanın inkişaf və tərəqqisi üçün zəmin yaratmışdır. Heydər Əliyev hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır, müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident Cənab İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusi ilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Naim Cahidzadə rayonda veteranların problemlərinin həlli istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarla əməkdaşlıq edildiyini, rayon veteranlarının məişət problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini diqqətə çatdırdı. Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu vurğulayan rayon rəhbəri onlara bütün bu işlərdə uğurlar arzulamış, Sədərək rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.
Görüşdə Sədərək Rayon İcra Hakimiyyətinin Başçısı Naim Cahidzadəyə– Müharibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə təşəkkürlərini bildiriblər.