Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Sədərək rayonu üzrə təqaüddə göndərilən müəllimlərlə görüş keçirib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təqaüdçü müəllimləri bu gün münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və gələcək həyatlarında yeni-yeni uğurlar arzulayıb. İcra başçısı bildirib ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı həmin qələbədə təhsil işçilərinin də böyük əməyinin olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, biz bu qələbəni vətənpərvər gənclərimizin sayəsində əldə etdik. O gənclər ki, onların vətənpərvər ruhda böyümələrində, tərbiyə almalarında valideyinlərlə yanaşı, müəllimlərimizin də böyük əməyi var. Xüsusilə də torpaqlarımız işğal olunandan sonra dünyaya göz açan uşaqlarda, gənc və yeniyetmələrdə vətənpərvərlik hissinin formalaşmasında müəllimlərimizin üzərinə böyük məsuliyyət düşürdü ki, onlar bu işin öhdəsindən layiqincə gəldilər. Necə ki, biz, 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. “Bu gün özümə borc bildim ki, sizin kimi dəyərli müəllimlərimizi bu əlamətdar gündə təbrik edim. Sizin keçdiyiniz yol, bilik və təcrübəniz bugünkü gənc müəllimlərimizə nümunədir. Siz təqaüddə olsanız belə hər zaman sizin kimi müəllimlərimizə ehtiyac vardır”, - deyən icra başçısı dəyərli ziyalılarımıza cansağlığı arzulayıb, ünvanlarına səmimi ürək sözlərini səsləndirib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev, Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının Sədri Arif Qasımov, Ali Məclisin deputatı Vusalə Əliyeva, Təhsil söbəsinin müdiri Sirac Qarayev, məktəb direktorları və təqaüdçü müəllimlər çıxış edərək əlamətdar gündə onları unutmadığına, əməklərinə verilən yüksək dəyərə, qiymətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bugünkü görüşü müəllim əməyinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndiriblər. İlk gündən təhsil sahəsinə, bu sahədə çalışan insanlara olan qayğını bu gün də hiss etdiklərini söyləyiblər. Bugünkü görüşün yaddaşlarına ən ülvi hisslərlə yazıldığını qeyd edən müəllimlər buna görə bir daha rayon rəhbərinə minnətdarlıq ediblər.
Sonda təqaüdçü müəllimlərə rayon rəhbəri tərəfindən hədiyələr verilib və xatirə şəkli çəkdirilib.