
20 Sentyabr - Dövlət Suverenliyi Günü
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir.Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.