Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra tədbir Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının inzibati binasında davam etdirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədri vəzifəsindən təqaüd yaşına çatması ilə əlaqədar ayrılan Arif Qasımov rəhbərlik etdiyi dövr ərzində görülmüş işlər barədə məlumat verib, kollektivə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və yeni təyin olunmuş sədr Vüsalə Əliyevanı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətin ictimai-siyasi həyatındakı rolundan bəhs edib, Vüsalə Əliyevanın bu məsul vəzifədə rayon təşkilatının fəaliyyətinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Vəfa Həsənova Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayıb. O, partiyanın rəhbər tutduğu prinsiplərin cəmiyyətin inkişafına xidmət etdiyini qeyd edərək, Vüsalə Əliyevanın peşəkarlığı, təşkilatçılıq bacarığı və məsuliyyətli fəaliyyəti ilə rayon təşkilatının işinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının yeni sədri Vüsalə Əliyeva ona göstərilən etimada görə minnətdarlığını bildirib, partiyanın prinsiplərinə sadiq qalaraq rayon təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində əzmlə çalışacağını qeyd edib.
Tədbirin sonunda çıxış edən Hümbət Rzayev Vüsalə Əliyevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və rayon təşkilatının bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə inamını ifadə edib.