“Sülh Aylığı” ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Ailə münaqişələrinin həlli üçün mediasiyanın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli mövzunun aktuallığından, ailə münasibətlərində qarşılıqlı anlaşmanın və dialoqun, eləcə də mübahisələrin sülh yolu ilə həllində mediasiyanın əhəmiyyətindən bəhs edib. Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiyanın üstünlükləri barədə ətraflı məlumat verib. O, mediasiya institutunun fəaliyyət istiqamətləri, ailə mübahisələrinin barışıq yolu ilə həlli, milli-mənəvi dəyərlərin qorunması və hüquq sistemində mediasiyanın rolu haqqında danışıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli çıxışında “21 Sentyabr – Beynəlxalq Sülh Günü” münasibətilə keçirilən “Sülh Aylığı” barədə məlumat verib. Elsun Cahangirli tarixən formalaşmış fundamental ailə dəyərlərindən və bu dəyərlərin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıb. Bildirib ki, dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, uşaqların sağlam inkişafının təmin olunması, onların hüquq və qanuni mənafelərinin müdafiəsi istiqamətində mühüm hüquqi mexanizmlər formalaşdırılıb və bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Qeyd olunub ki, bu mexanizmlər həm ailədaxili münasibətlərin sağlam şəkildə tənzimlənməsində, həm də uşaqların təhlükəsiz və etibarlı sosial mühitdə böyüməsində mühüm rol oynayır. Tədbir diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. #SülhAylığı #PeaceMonth