“Sülh Aylığı” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar “Suveren Azərbaycan – sülh və sabitliyin təminatçısı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli çıxış edərək bildirib ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ olub. 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam bərpa edilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının məsləhətçisi Rauf Nəcəfov, Heydərabad qəsəbə tam orta məktəbinin direktoru Bulud Bağırov və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Ülviyyə Əliyeva çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm rolu vurğulanıb. Bildirilib ki, Ulu Öndərin yaratdığı möhkəm dövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində daha da gücləndirilib. Qeyd olunub ki, Dövlət Suverenliyi Günü ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri, milli həmrəyliyi, sülhün və sabitliyin əhəmiyyətini bir daha diqqətə çatdırır. #SülhAylığı #PeaceMonth