
Sədərək rayonunda şəhid Abdullazadə Tağı İlham oğlunun anım günü qeyd olunub. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə, Şəhid Ailələri, qazilər, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbir iştirakçılarına qəhrəman şəhid Abdullazadə Tağı İlham oğlu haqqında məlumat verilərkən qeyd olunub ki, yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən qəhrəmanlarımızdan olan Abdullazadə Tağı 44 günlük ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tağı Abdullazadə Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub və noyabrın 2-də Sədərək rayon Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə öz çıxışında Vətən uğrunda canından keçən igid oğulların qəhrəmanlığından danışıb. O qeyd edib ki, xalqımızın ərazi bütövlüyünün bərpası naminə şəhidlik zirvəsinə ucalan hər bir qəhrəmanın xatirəsi daim hörmət və ehtiramla yad olunur. Naim Cahidzadə tədbirdə çıxış edərək bildirib ki, şəhid Abdullazadə Tağının keçdiyi şərəfli həyat və döyüş yolu gənclər üçün vətənpərvərlik məktəbidir.








