Sədərək rayonunda "Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir" mövzusunda maarifləndirici söhbət aparılıb.

8 aprel 2026-cı il tarixdə Sədərək kənd 2 nömrəli tam orta məktəbində Sədərək Rayon İcra Hakimiyyətinin, Sədərək Rayon Gənclər və İdman İdarəsinin və Sədərək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir" mövzusunda maarifləndirici söhbət aparılıb.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və vətənimizin müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra mövzu ətrafında çıxışlar edilib.
Tədbir zamanı ölkəmizdə əhalinin sağlamlığının qorunması, yeniyetmə və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığı, zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyəti, xüsusən yeni nəsli sağlamlığa təhlükə törədən tütünçəkmə, spirtli içkilərin və "enerji içkiləri" nin qəbulu, kompüter oyunları, mobil telefonlardan fasiləsiz istifadə kimi zərərli vərdişlərdən qorumağın mühüm məsələlərdən olduğu vurğulanıb. Zərərli vərdişlərdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq üçün zəruri tövsiyələr verilib.
Tədbirdə aidiyyatı qurumların əməkdaşları və 30 şagird iştirak edib.