8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Sədərək rayonunda “Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” layihəsi həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil və Mədəniyyət nazirliklərinin, eləcə də Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin, milli birlik və dövlətçilik dəyərlərinin gücləndirilməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətinin təbliği, həmçinin gənclərin yaradıcı potensialının və ictimai fəallığının artırılması olub. Festival çərçivəsində Vətən müharibəsi və Zəfər Gününə həsr olunmuş foto və məlumat sərgisi, silah və hərbi texnika nümunələri, gənclərin rəsm əsərləri, əl işləri, STEAM layihələri, tətbiqi sənət nümunələri, eləcə də rayon gənclərinin uğurlarını əks etdirən stendlər nümayiş etdirilib. Festivalın bədii proqramı çərçivəsində musiqi və rəqs nömrələri nümayiş olunub, tədbirin təşkilində və müxtəlif fəaliyyətlərində fəal iştirak edən şəxslərə təşəkkürnamələr təqdim edilib. Festival gənclərin vətənpərvərlik ruhunda formalaşması, onların istedad və bacarıqlarının nümayiş etdirilməsi, həmçinin rayonun ictimai-mədəni həyatında fəal iştirakının təşviqi baxımından əlamətdar hadisə olub.