Tədbirdə rayon icra hakimiyyətinin rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Xocalı şəhidlərinin və Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Tədbirdə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin direktoru Bulud Bağırlı çıxış edərək bildirmişdir ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Dinc əhaliyə qarşı xüsusi amansızlıqla həyata keçirilmiş bu soyqırım nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib, əsir və girov götürülüb. Qeyd olunub ki, xalqımız bu qanlı faciəni heç zaman unutmur və unutmayacaq.
Vurğulanıb ki, bu gün müstəqil və qüdrətli Azərbaycan dövləti şəhidlərimizin qisasını döyüş meydanında alıb, tarixi ədaləti bərpa edib. Xocalı qurbanlarının xatirəsi daim uca tutulur, onların əziz xatirəsi gənc nəslə vətənpərvərlik nümunəsi kimi aşılanır. Sonda isə Xocalı soyqırımı haqqında hazırlanmış videoçarx nümayiş olunub.