Sədərək rayonunda “Uşaqların hüquqlarını müdafiə edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

12 noyabr 2026-cı il tarixində Dəmirçi kənd tam orta məktəbində Sədərək Rayon İcra Hakimiyyəti, Sədərək Rayon Təhsil Şöbəsi və Sədərək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 oktyabr – 20 noyabr Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarını müdafiə edək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər uşaq hüquqlarının qorunmasının vacibliyini vurğulayaraq bildiriblər ki, əsas məqsəd uşaqların öz hüquqları barədə məlumatlılığını artırmaq, onların sərbəst fikir ifadə etmək bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə uşaq hüquqlarına məsuliyyətli yanaşmanı təşviq etməkdir. Şagirdlərə uşaq hüquqlarının əsas prinsipləri, o cümlədən təhsil, sağlamlıq, sosial müdafiə, istirahət və asudə vaxt hüquqları barədə ətraflı məlumat verilib. Eyni zamanda, uşaqların öz fikirlərini sərbəst ifadə etmələrinin, qərarların qəbulunda iştirakının, eləcə də başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalarının əhəmiyyəti diqqətə çatdırılıb. Diskussiya şəklində davam edən tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Maarifləndirici tədbirdə ümumilikdə 40 şagird iştirak edib.