Sədərək rayonunda "Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların maarifləndirilməsi" mövzusunda tədbir keçirilmişdir

10 fevral 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında kənd sakinləri ilə "Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların maarifləndirilməsi" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hənifəzadə İbrahim çıxış edərək bildirdi ki, ətraf mühit insanların yaşaması üçün əsas şərtdir. Ətraf mühitin mühafizəsi və vətəndaşların bu sahədə maarifləndirilməsi müasir dövrdə dövlət siyasətinin və ictimai məsuliyyətin ən mühüm istiqamətlərindən biridir.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Ərkan Musalı çıxış edərək bildirdi ki, Dövlət səviyyəsində ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi istiqamətində mühüm proqramlar və layihələr həyata keçirilir. Lakin təcrübə göstərir ki, bu sahədə uzunmüddətli və davamlı nəticələrə nail olmaq üçün vətəndaşların ekoloji şüurunun artırılması həlledici rol oynayır. Maarifləndirmə yalnız məlumatlandırma deyil, eyni zamanda məsuliyyətli davranış modelinin formalaşdırılması deməkdir. Ekoloji maarifləndirmə vətəndaşlarda təbiətə qarşı düzgün münasibət, resurslara qənaətli yanaşma və ətraf mühitə hörmət kimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.
Unutmamalıyıq ki, təbii sərvətlər sonsuz deyil. Onların qorunması və gələcək nəsillərə ötürülməsi bizim mənəvi və vətəndaşlıq borcumuzdur.