Sədərək rayonunda Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Sədərək rayon Heydərabad qəsəbəsində Novruz bayramı münasibətilə geniş və rəngarəng tədbir təşkil olunub. Bayram şənliyində rayon rəhbərliyi, idarə və müəssisələrin kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar, ziyalılar, gənclər və qəsəbə sakinləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən, birlik və həmrəyliyi möhkəmləndirən ən əziz bayramlardan biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, əsrlər boyu yaşadılan bu ənənə bu gün də ölkəmizdə böyük coşqu ilə qeyd olunur və gələcək nəsillərə ötürülür. Şənliyin ən maraqlı hissələrindən biri milli adət-ənənələrimizi əks etdirən səhnələrin nümayişi olub. Tonqal alovlandırılıb, bayramın rəmzi sayılan odun ətrafında iştirakçılar bir araya gələrək birlik və bərabərlik nümayiş etdiriblər. Tədbirdə Novruzun sevilən obrazları – Kosa və Keçəl çıxış edərək iştirakçılara şən əhval-ruhiyyə bəxş edib, maraqlı səhnəciklər və yumoristik dialoqlarla tədbirə xüsusi rəng qatıblar. Milli geyimdə olan qızların təqdim etdiyi rəqslər, məktəblilərin ifasında səsləndirilən şeirlər və mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.