Sədərək rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Sədərək Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Sədərək Rayon Bölməsinin birgə təşkilatçılığı ilə 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində vətəndaşların ilkin hərbi qeydiyyata alınması və müddətli həqiqi hərbi xidmətə çağırılması mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Şərafəddin Şükürov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin rəis müavini Hətəm Məmmədov çıxış edərək hərbi xidmət sahəsində vətəndaşların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın aparılması qaydaları, müddətli həqiqi hərbi xidmətə çağırış prosesi və bu sahədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi xidmətə hazırlanması və çağırış prosesinin qanunvericiliyə uyğun təşkili dövlətin prioritet məsələlərindəndir. Bu baxımdan ilkin hərbi qeydiyyatın vaxtında aparılması və çağırışçıların hüquqi maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.*#İnsanHüquqlarıAylığı* *#HumanRightsMonth*