Sədərək rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sədərək rayonunda görüş keçirilib. Görüşdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin direktoru, Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış Torpaq və suvarma qrupunun rəhbəri Firidun Tağıyev iştirak ediblər. Görüş çərçivəsində Allahyarov Mehman Allahyar oğluna məxsus balıqçılıq təsərrüfatına baxış keçirilib. Təsərrüfatın mövcud vəziyyəti, istehsal imkanları, infrastruktur təminatı və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Dövlət Proqramının müvafiq istiqamətləri üzrə rayonda balıqçılıq və akvakultura sahəsinin inkişaf etdirilməsi, mövcud potensialdan səmərəli istifadə olunması və istehsalın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.