Sədərək rayonunda abadlıq və təmir-bərpa işləri davam etdirilir

Sədərək Rayon İcra Hakimiyyəti ilə “Marka İnşaat” MMC arasında bağlanmış müqaviləyə əsasən, Sədərək rayon mərkəzində və kəndlərində bir sıra təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Görülən işlər çərçivəsində rayonun inzibati mərkəzi olan Heydərabad qəsəbəsində bordürlərin yenilənməsi və rənglənməsi, eləcə də işıq dirəklərinin quraşdırılması işləri davam etdirilir. Qaraağac kəndi ərazisində məişət tullantılarının toplanması üçün çəpərlənmiş ərazidə təmir-bərpa işləri aparılır. Bununla yanaşı, Qaraağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yeni sanitar qovşaq tikilərək istifadəyə hazır vəziyyətə gətirilib. Eyni zamanda, Sədərək kəndində, İmam Hüseyn məscidinin yaxınlığında yerləşən “Çinar” adlanan ərazidə yeni sanitar qovşağın tikintisi davam etdirilir. Rayonun infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması və sakinlərin rahatlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.