Sədərək Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının və Sədərək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “9 Noyabr - Bayraq Günü” ilə əlaqədar “Dövlət Bayrağımız – suverenliyimizin və milli birliyimizin ifadəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Murad Orucov, Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının məsləhətçisi Rauf Nəcəfov və Sədərək Rayon Təhsil Şöbəsinin məsləhətçisi Vəsilə Abbasova çıxış edərək qeyd ediblər ki, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik tarixini, milli kimliyini, müstəqilliyini və suverenliyini təcəssüm etdirən üçrəngli bayrağımıza ehtiramın ifadəsidir. Azərbaycanın üçrəngli Dövlət Bayrağı təsdiq edilmişdir. Bayrağımızın üzərindəki ağ aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin rəmzlərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən, Dövlət Bayrağı Azərbaycan dövlətinin rəsmi dövlət rəmzlərindən biridir. Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin əbədi rəmzidir. Hər bir Azərbaycan vətəndaşının borcu dövlət bayrağımıza hörmətlə yanaşmaq, onun ucalığını və şərəfini qorumaqdır.