Tədbir iştirakçıları əvvəlcə Heydərabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin əzəmətlə ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Sədərək Rayon Şəhidlər xiyabanı ziyarət olunub, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb. Tədbirin davamı olaraq Sədərək Rayon Mədəniyyət Sarayında bayram tədbiri keçirilib. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Vüsalə Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir İsmayılov və şəhid atası Meydan Sadıqov çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın milli birliyindən və şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs olunub.
Sonda tədbir bədii hissə ilə davam edib.