Sədərək rayonunda "20 sentyabr Dövlət Suverenliyi Günüdür" adlı tədbir keçirdilib

Sədərək rayonunda "20 sentyabr Dövlət Suverenliyi Günüdür" adlı tədbir keçirdilib. Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək qeyd edib ki,  Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi təsis edilib. Suverenlik Günü 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi uğrunda apardığı dönməz milli mübarizənin və qazandığı zəfərlərin rəmzi sonunu əks etdirən tarixi aktdır. 2025-ci ildə ilk dəfə qeyd edilən bu tarixi gün ölkəmizın və xalqımızın həyatında şanlı təqvimlərdən birinə çevrilib. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik və dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilməyib. Prezident İlham Əliyevin vurğuladığı kimi müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Bu müqəddəs arzunun son şərəfli və qürurlu tarixi nöqtəsini də məhz dövlətimizin başçısı 2023-cü ildə Azərbaycanın dövlət suverenliyini bərpa etməklə qoymuşdur.

Sədərək Rayon Prokurorunun köməkçisi Rəmzi Həsənov və Sədərək kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi  Elsəvər Səfərov tədbirdə çıxış edərək vurğulayıblar ki, ötən əsrin sonlarında dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikasına rəhbərlik edən təsadüfi, səriştəsiz adamların yarıtmaz idarəçiliyi və yaratdığı hərc-mərclik, xaos, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ölkəmizi müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin belə bir kritik məqamda öz xilaskarlıq missiyasını üzərinə götürərək ölkə rəhbərliyinə qayıdışı ilə dövlət müstəqilliyimizin əbədi dönməzliyi təmin edildi. 

Sonda “Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.