Sədərək Rayon Polis Şöbəsində 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Sədərək Rayon Polis Şöbəsinin rəisi Elbrus Abbasov və polis əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Azərbaycan polisinin dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin və hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təmin olunması istiqamətində mühüm xidmətlərindən bəhs edib. Bildirilib ki, polis əməkdaşları peşə borclarını yüksək məsuliyyət və sədaqətlə yerinə yetirərək cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr verirlər. Daha sonra çıxış edən Sədərək Rayon Polis Şöbəsinin rəisi Elbrus Abbasov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, şəxsi heyətin bundan sonra da qanunun aliliyinin təmin edilməsi, ictimai təhlükəsizliyin qorunması və vətəndaşlara layiqli xidmət göstərilməsi istiqamətində fəaliyyətini əzmlə davam etdirəcəyini vurğulayıb. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tərəfindən təşəkkürnamələr təqdim edilib. Polis əməkdaşları peşə bayramı münasibətilə bir daha təbrik olunub, onlara xidməti fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və gələcək işlərində yeni nailiyyətlər arzulanıb.