Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək rayonunun Dəmirçi kəndində baramaçılıq təsərrüfatına baş çəkib, saxlanılan baramaların vəziyyəti ilə maraqlanıb.

Görüş zamanı barama istehsalının mövcud vəziyyəti, məhsuldarlığın artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı əhalinin məşğulluğunun artırılması və gəlirlərinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rayon rəhbəri dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstəyin baramaçılığın inkişafına müsbət təsir göstərdiyini vurğulayaraq, bu sahədə fəaliyyət göstərən kümçülərə uğurlar arzulayıb.
Səfər çərçivəsində baramaların saxlanma şəraiti ilə yaxından tanış olunub, baramaçılıqla bağlı təklif və müraciətlər dinlənilib. Baramaçılığın rayonun kənd təsərrüfatında xüsusi yer tutduğu qeyd edilərək, bu sahənin inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilib.