Görüşdə Sədərək kənd 1 nömrəli, Sədərək kənd 2 nömrəli, Heydərabad qəsəbə və Qaraağac kənd tam orta məktəblərinin sertifikatlaşdırma prosesində iştirak etmiş müəllimləri iştirak ediblər.
Görüş zamanı sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkar inkişafında və təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Rayon İcra Hakimiyyətinin başçısı müəllimlərlə səmimi söhbət apararaq onların imtahan prosesi ilə bağlı fikir və təəssüratlarını dinləyib, göstərdikləri zəhməti yüksək qiymətləndirib.
Naim Cahidzadə çıxışında qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar çərçivəsində müəllimlərin bilik və bacarıqlarının daim təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. O bildirib ki, müəllim peşəsi cəmiyyətin inkişafında mühüm rol oynayır və gənc nəslin savadlı, bilikli və vətənpərvər ruhda yetişdirilməsində müəllimlərin əməyi danılmazdır.
Görüş zamanı müəllimləri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı sertifikatlaşdırma prosesində iştirak etmiş bütün müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müəllimlər isə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, bundan sonra da təhsil sahəsində daha böyük məsuliyyətlə fəaliyyət göstərəcəklərini qeyd ediblər.