Sədərək Rayon İcra Hakimiyyətinin başçısı İkinci Dünya müharibəsi illərində arxa cəbhədə fədakarlıqla fəaliyyət göstərmiş, Sədərək kənd sakini Quliyev Teymur Paşa oğlunu 90 illik yubileyi münasibətilə ziyarət edib.

İcra başçısı Naim Cahidzadə ziyarət zamanı bildirib ki, Teymur müəllim ömrünün böyük hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edərək uzun illər müəllim kimi fəaliyyət göstərib, savadlı və vətənpərvər gənclərin yetişməsində mühüm xidmətlər göstərib. O, eyni zamanda uzun illər rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərərək rayonun ictimai həyatında yaxından iştirak edib, öz zəngin həyat təcrübəsi və dəyərli məsləhətləri ilə hər zaman nümunə olub.
Görüş zamanı yubilyarın keçdiyi şərəfli həyat yolu və cəmiyyət qarşısındakı xidmətləri yüksək qiymətləndirilib.
Kənd ağsaqqalının ziyarətində Yeni Azərbaycan Partiyasının Sədərək rayon Təşkilatının sədri Arif Qasımov və icra başçısının müavinləri də iştirak ediblər. İştirakçılar kənd ağsaqqalı haqqında müsbət fikirlər səsləndirmiş, ona uzun ömür, can sağlığı arzulamışlar.
Quliyev Teymur Paşa oğlu göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.