
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində növbəti vətəndaş qəbulu keçirib. Qeyd edək ki, səyyar görüşlərin keçirilməsinin əsas məqsədi vətəndaşların müraciətlərini dinləmək, onların sosial-məişət məsələlərinin yerində araşdırılaraq həlli üçün operativ tədbirlərin görülməsidir.
Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün regionlarla yanaşı, Sədərək rayonunda da əhalinin rifah halının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib. Bu istiqamətdə qəbul olunan dövlət proqramları haqqında məlumat verən Naim Cahidzadə sakinləri proseslərdə fəallığa, icra orqanları ilə əməkdaşlığa və vətəndaş həmrəyliyinə çağırıb.
Səyyar görüşdə sakinlər tərəfindən kommunal xidmətlərin təkmilləşdirilməsi, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən icra başçısı bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.





