Sədərək Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatı və Sədərək rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Sədərək rayonunun yaradılmasının 36-cı ildönümü” münasibətilə maarifləndirici tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva açaraq deyib ki, 28 avqust 1990-ci ildə rayon statusu almış Sədərək Naxçıvan Muxtar Respublikasının mühüm yaşayış məntəqələrindən biri olmaqla, Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri ilə seçilir. Rayonun inkişafında və əhalinin sosial rifahının yüksəldilməsində Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin xüsusi rolu olub. Naxçıvanın qeyrət qalası Sədərək 1990-cı illərin əvvəllərində ağır sınaqlarla üzləşsə də, rayon sakinlərinin torpağa, dövlətə və Vətənə bağlılığı, eləcə də Ulu Öndərin qətiyyətli siyasəti nəticəsində Sədərəkdə həyatın davamlılığı və inkişafı təmin edilib. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pərviz Ağayev çıxış edərək qeyd edib ki, Sədərək rayonu Naxçıvan Muxtar Respublikasının qərbində yerləşir və Türkiyə Respublikası ilə birbaşa dövlət sərhədinə malikdir. Rayonun Türkiyə ilə sərhəddə yerləşməsi onun strateji, geosiyasi, iqtisadi və nəqliyyat baxımından əhəmiyyətini artırır. Sədərək rayonunun tarixi abidələri onun qədim yaşayış məskəni və zəngin mədəni irsə malik ərazi olduğunu göstərir. Daha sonra çıxış edən Sədərək rayon Təhsil şöbəsinin müdiri Sirac Qarayev qeyd edib ki, Sədərək rayonunda təhsil sahəsi rayonun sosial və mədəni inkişafının əsas istiqamətlərindən biridir. Rayonun təhsil müəssisələrində gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik, dövlətçilik və tariximizə bağlılıq ruhunda yetişdirilməsinə xüsusi diqqət yetirilir. Sədərəyin sərhəd bölgəsi olması burada təhsilin əhəmiyyətini daha da artırır. Sonda Sədərək döyüşlərinə həsr olunmuş video çarx izlənilib.