Sədərək Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Heydərabad qəsəbəsində yerləşən Ulu Öndər Heydər Əliyevin əzəmətli büstü ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilərək büst önünə gül dəstələri qoyulub.
Daha sonra Sədərək Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev irsinin öyrənilməsi, təbliğatı hər zaman bizim müqəddəs borcumuzdur” mövzusunda tədbir öz işinə başlayıb.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov və Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Vəfa Həsənova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.
Çıxışlarda Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğu vurğulanıb. Sonda Ulu Öndərin əziz xatirəsi bir daha dərin ehtiramla yad olunub.
Tədbir bədii hissə bitdikdən sonra konsert proqramı ilə davam edib.