Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyin bərpasından əbədi suverenliyə” adlı tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli, Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin direktoru Bulud Bağırov və Sədərək Rayon Mərkəzi Xəstəxanasının həkimi Ülkər Əliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının milli iradəsinin, azadlıq və müstəqillik arzusunun təntənəsini əks etdirən əlamətdar tarixi gündür. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etməklə xalqımız öz müqəddəratını müəyyən etmək və öz taleyinin sahibi olmaq əzmini bir daha bütün dünyaya nümayiş etdirib. Müstəqilliyimizin qorunub möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan tarixinin mühüm nailiyyətlərindəndir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bildirilib ki, bu gün müstəqil, güclü və suveren Azərbaycan Respublikasının inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz əldə etdiyi tarixi Zəfərin nəticələrini möhkəmləndirərək regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfələr verir.