Tədbirin məqsədi vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquq və azadlıqları, habelə onların vəzifələri barədə məlumatlandırılması, insan hüquqlarının qorunması sahəsində görülən işlərin təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi olmuşdur.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Şərafəddin Şükürov və Sədərək rayon prokurorunun köməkçisi, 1-ci dərəcəli hüquqşünas Rəmzi Həsənov çıxış etmişlər.
Çıxışlarda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanmış, insan hüquqlarının müdafiəsinin hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısı olmaqla, hər bir şəxsin hüquqlarının qorunması üçün möhkəm hüquqi baza yaradır.
Natiqlər tərəfindən vətəndaşların hüquqları ilə yanaşı, cəmiyyət və dövlət qarşısında da müəyyən vəzifələr daşıdıqları, hüquq və vəzifələrin qarşılıqlı vəhdət təşkil etdiyi diqqətə çatdırılmışdır. Həmçinin 18 İyun – İnsan Hüquqları Gününün ölkəmizdə insan hüquqlarının təbliği, hüquqi maarifləndirmənin artırılması və hüquq mədəniyyətinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuşdur.