Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək rayon Dini İcmasının birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Multikulturalizm – müxtəliflikdən həmrəyliyə gedən yol” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli çıxış edərək qeyd edib ki, multikulturalizm müxtəlif mədəniyyətlərə, dillərə, dinlərə və adət-ənənələrə malik insanların bir cəmiyyət daxilində qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşamasıdır. O, bildirib ki, multikulturalizm yalnız mədəniyyət məsələsi deyil, həm də sülh məsələsidir. Müxtəlifliklərə hörmət və qarşılıqlı anlaşma cəmiyyətdə sülhün, həmrəyliyin və birliyin əsasını təşkil edir. Tədbirdə çıxış edən Sədərək rayon Dini İcmasının sədri Mənsim Əliyev və icmanın üzvü Gözəl Cavadova bildiriblər ki, multikulturalizm Azərbaycanda əsrlərdən formalaşan tolerantlıq və birgəyaşayış ənənələrinə əsaslanır. Ulu Öndər Heydər Əliyev bu dəyərlərin qorunmasına xüsusi önəm verərək müxtəlif xalqların və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və sülh mühitinin möhkəmlənməsinə mühüm töhfələr verib. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda multikulturalizm, tolerantlıq və sülh dəyərlərinin təşviqi ölkəmizin birgəyaşayış və həmrəyliyə verdiyi önəmin göstəricisidir. #SülhAylığı #PeaceMonth