Sədərək rayon Dəmirçi kəndində kənd təsərrüfatının inkişafı, fermer və torpaq mülkiyyətçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Tərəvəz və bostan bitkilərində yaz mövsümündə fitosanitar risklər və mübarizə üsulları” mövzusuna həsr edilib.
Çıxış edən mütəxəssislər tərəfindən yaz mövsümündə tərəvəz və bostan bitkilərində rast gəlinən xəstəlik və zərərvericilər, onların bitkilərin məhsuldarlığına təsiri, həmçinin bu risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, düzgün aqrotexniki qulluq, fitosanitar qaydalara əməl olunması, keyfiyyətli toxum və preparatlardan istifadə məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Tədbir zamanı fermerlərin sualları cavablandırılıb, zərərvericilərə qarşı mübarizədə tətbiq olunan müasir üsullar və profilaktik tədbirlər barədə tövsiyələr verilib. Eyni zamanda qeyd olunub ki, belə maarifləndirici görüşlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və fermerlərin məlumatlılığının yüksəldilməsinə xidmət edir.