
23 yanvar 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi mövzusunda Sədərək Rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirilib.
Sədərək Rayon Prokurorluğunun əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyələrin və digər cavabdeh vəzifəli şəxslərin iştirakı ilə keçirilən tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Şərafəddin Şükürov qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən işlərdən danışıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov çıxış edərək Sədərək rayonu ərazisində qış mövsümü dövründə inzibati və ictimai yaşayış binalarının qazanxanalarında, yaşayış sahələrində qaz təchizatından istifadə zamanı partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının, eləcə də ehtimal edilən digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə görüləcək tədbirlərdən bəhs edib.
Tədbirin davamında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin baş müfəttişi Rəşad Məmmədov çıxış edərək qış mövsümü dövründə inzibati və ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış fərdi və mərkəzləşdirilmiş qazanxanaların istismarı zamanı tələb olunan texniki təhlükəsizlik qaydalarına riayət olunması, qazanxanalarda işləyəcək mövsümü işçilərin peşə kurslarına cəlb olunması haqqında ətraflı məlumat verib.
Seminar-müşavirədə Naxçıvan Regional Qaz İstismar İdarəsi rəisinin Sədərək rayonu sahəsi üzrə müavini Bəxtiyar Mahmudov çıxış edərək rayon ərazisində qış mövsümü dövründə ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış fərdi və mərkəzləşdirilmiş qazanxanalarda qışa hazırlıqla bağlı görülən işlər və mövsümi işçilərin kurslara cəlb olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.








