Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi.Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır. Ona görə eyni yanaşmanı biz ikitərəfli formatda da etmək fikrindəyik, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa.Laoslu tələbələrin Azərbaycanda təhsil alması mümkündür.Söhbət əsnasında bildirildi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək.