
Özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm, ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.Torpaqlardan səmərəli istifadə məsələsi.Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb.Hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu, birincisi. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır. Prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Kənd təsərrüfatı texnikası ilə təminat. Bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq.Gübrə istehsalının artırılması. Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik.