Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır.Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.Qeyd etdiyim kimi, qəbul edilmiş proqramlar qısamüddətlidir, 2030-cu ilin sonuna qədər icra edilməlidir. Düzdür, su proqramı daha böyük vaxt tələb edir. Amma dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir. Qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir.