Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatı

Bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq.Mən bu gün artıq bu barədə danışmışam: əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib. Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.