*Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib*

İyunun 22-də Naxçıvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatında istehsal və ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, daxili istehsalın, ixrac imkanlarının və əlavə dəyərin artırılmasını, müasir aqrar xidmətlərin əlçatanlığının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Qeyd olunub ki, dövlət tərəfindən təqdim edilən çoxşaxəli dəstək tədbirləri və yeni Dövlət Proqramının yaratdığı imkanlar Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının və sahibkarlığın davamlı inkişafını təmin edəcək.