Qəbuldan öncə nazir müavini Rəşadət Nabatov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ulu Öndər Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbul zamanı vətəndaşların səhiyyə sahəsi ilə bağlı müraciətləri, təklif və şikayətləri dinlənilib.
Qəbul çərçivəsində ümumilikdə 79 nəfər vətəndaşın müraciəti qeydə alınıb. Vətəndaşların müraciətləri əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinələrin aparılması, işlə təminat, eləcə də səhiyyə sahəsinə aid digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırma tələb edən müraciətlərlə bağlı isə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Keçirilən bu cür qəbullar regionlarda vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, mövcud problemlərin operativ həlli və vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.