Nadirli Ərtoğrul Hümbət oğlunun anım günü qeyd olunub

Sədərək rayonundan olan şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun Şəhidlik zirvəsinə ucalmasının 5-ci ildönümü rayonun Şəhidlər Xiyabanında qeyd olunub. Tədbirdə rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, müəllimlər və rayon sakinləri iştirak ediblər. Tədbirə başlamazdan əvvəl Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə 2023-ci il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda başlanan savaşda Sədərək rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhid olublar. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. İcra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynəb Quliyeva, Şəhid Nadirli Ərtoğrulun Atası Hümbət Rzayev, Şəhid Abdullazadə Tağının atası İlham Abdullayev çıxış edərək ərazi bütövlüyünü bərpa edən, torpaqlarımızda üç rəngli bayrağımızı ucaldan hərbi qulluqçularımıza can sağlığı, şəhidlərimizə rəhmət diləyərək Azərbaycan ordusunun əldə etdiyi bu zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirmişlər. Sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər dinlənilmiş, şəhid məzarları üzərinə qərənfillər düzülmüşdür.