Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsi və Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə Sədərək gömrük postunda sürücülər və ictimaiyyət nümayəndələri arasında ətraf mühitin mühafizəsi haqqında qanunvericilik və tullantıların düzgün idarə olunması mövzularında ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı açaraq ətraf mühitin mühafizəsinin vacibliyindən, ekoloji təhlükəsizliyin təmin edilməsində hər bir vətəndaşın, o cümlədən nəqliyyat sahəsində çalışan şəxslərin məsuliyyətindən bəhs edib.
Daha sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxış edərək tullantıların idarə olunması sahəsində qüvvədə olan qanunvericilik, ətraf mühitə vurulan zərərin qarşısının alınması istiqamətində müəyyən edilmiş tələblər, eləcə də həmin tələblərin pozulmasına görə yaranan inzibati məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verib.
Çıxış zamanı gömrük əməkdaşı tərəfindən vurğulanıb ki, xüsusilə beynəlxalq və tranzit yükdaşımalarında iştirak edən sürücülərin tullantıların düzgün yerləşdirilməsi və ekoloji tələblərə riayət edilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış maarifləndirici bukletlər və bildiriş vərəqələri sürücülər və tədbir iştirakçılarına paylanılıb.
Açıq hava şəraitində keçirilən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, tullantıların düzgün idarə olunmasının ekoloji təhlükəsizliyin qorunmasında mühüm rol oynadığı bir daha diqqətə çatdırılıb.