
Fevralın 17-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Müvəkkil aparatının, Ədliyyə Nazirliyinin, Sədərək Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə orqanlarının, idarə və təşkilatların əməkdaşları iştirak edib.
Sədərək Rayon İcra Hakimiyyətinin sektor müdiri Şərəfəddin Şükürov və Müvəkkil aparatının əməkdaşı Samir Tarverdiyev giriş nitqi ilə çıxış edərək, respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, ölkənin modernləşməsində, yerli özünüidarəetmənin inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymasında görülən işlərin və aparılan islahatların əsas məqsədi çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasıdır.
Daha sonra Müvəkkil aparatının əməkdaşı Nuranə Kərimovanın “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi”, Ədliyyə Nazirliyinin əməkdaşı Həbib Quliyevin “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti” və Dəmirçi bələdiyyəsinin üzvü Əhməd Həsənovun “İnsan hüquqları və bələdiyyələr” mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və ölkədə həyata keçirilən yerli özünüidarəetmə siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
