Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası barədə

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Qarabağ Azərbaycanın suveren ərazisidir.Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Belə ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır.Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər.Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi–tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb.Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.