8 Mart - Beynəlxalq Qadınlar Günü

Azərbaycan Respublikası müstəqillik qazandıqdan qısa müddət sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılmış, normativ hüquqi baza formalaşdırılmış və institusional mexanizmlər yaradılmışdır. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan vermişdir. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermiş və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olmuşdur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilmişdir.Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Hədəf göstəriciləri: beynəlxalq təcrübədən yararlanmaqla gender bərabərliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi; gender bərabərliyinə dair dövlət siyasətinin həyata keçirilməsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması; gender bərabərliyini təbliğ və təşviq edən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstək göstərilməsi; qadınların ictimai fəallığının artırılmasına dəstək göstərilməsi; əmək bazarında gender fərqlərinin aradan qaldırılması məqsədilə qadınların rəqabət qabiliyyətinin artırılması; işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarına dair tədqiqat aparılması; təhsil müəssisələrində gender bərabərliyinin tədrisi; qadınların rəqəmsal savadlılığının artırılması; sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi; qadınların iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətə cəlb olunması; gender bərabərliyi mədəniyyətinin təbliğində və cinsi mənsubiyyətə görə ayrı-seçkiliklə mübarizədə medianın rolunun artırılması; gender bərabərliyinin təmin olunması ilə bağlı vəziyyətin təhlili, monitorinqi və qiymətləndirilməsi.Məqsədlər: gender bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi; qadınların ictimai, sosial və iqtisadi fəallığının artırılması, sosial cəhətdən həssas qrupdan olan qadınların dəstəklənməsi; cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi; cəmiyyətdə gender bərabərliyi mədəniyyətinin təbliği və əhalinin məlumatlılıq səviyyəsinin artırılması.