1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 199 kəndi darmadağın etmiş, orada yaşayan 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.“Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti ”özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır” - tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931).“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər” - tarixçi Yervand Aleksandroviç Lalayan (1864-1931). “...Bizim hökumətin gördüyü tədbirlər nəticəsində...bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək” - Daşnak partiyasının üzvü Qaregin Aristakesoviç Muradyan (vəfat edib).1918-ci il hadisələri zamanı minlərlə azərbaycanlını qətlə yetirən Njdehin xatirəsinə 1989-cu ilin martında Qafanda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin katibi Mkrtçyan deyib: “...Siz çox çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz... Böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır (
https://e-qanun.az/framework/4684). Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı.Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” (Quba 18.09.2013).Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır (
https://e-qanun.az/framework/37632).Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.