
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Şərəfəddin Şükürov, Sədərək rayon Prokurorun köməkçisi, 1-ci dərəcəli hüquqşunas Rəmzi Həsənov, Sədərək Rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyyə müşaviri Teymur Nəzərov çıxış edərək qeyd etmişlər ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının dövlət təminatı ali məqsəd olaraq Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan edilməsidir. Azərbaycan dövləti beynəlxalq sazişlərə uyğun olaraq məhkəmə müdafiəsi, təqsirsizlik prezumpsiyası və hüquqi mexanizmlər vasitəsilə bu hüquqların həyata keçirilməsini, qorunmasını və pozulduqda bərpa olunmasını təmin edir. İnsan hüquq və azadlıqlarının dövlət təminatı Azərbaycan dövlətinin başlıca siyasəti, prioritet məsələlərdən biri olduğu üçün 12 noyabr 1995-ci il tarixində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqları və azadlıqlarına geniş yer verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci bölməsi “Əsas hüquqlar, azadlıqlar və vəzifələr”, həmin bölməyə daxil olan 3-cü fəsli isə “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanır və 48 maddədən ibarətdir. Konstitusiyamızın 71-ci maddəsi “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanır. Bu isə o deməkdir ki, insan hüquq və azadlıqları dövlət üçün çox əhəmiyyətlidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 22 fevral 1998-ci il tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər planı haqqında” fərman, 18 iyun 1998-ci il tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ilə bağlı sərəncam imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixində imzaladığı sərəncamla 18 iyun günü hər il Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd edilir. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixində imzalanmış sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunmuşdur. Bütün bunlar bir daha onu göstərir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və qorunması Azərbaycan dövlətinin əsas hədəflərindən biridir.
