28.088.2026-cı il tarixdə Sədərək rayonunda tikinti sahəsində maarifləndirici tədbir keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tikinti sahəsində qanunvericiliyin tələblərinin izah edilməsi, qanunsuz tikililərin qarşısının alınması və şəhərsalma qaydalarına əməl olunmasının təşviqi məqsədilə növbəti maarifləndirici tədbir Sədərək rayonunun Dəmirçi kəndində keçirilib. Tədbirdə tikinti və şəhərsalma sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, tikinti işlərinin həyata keçirilməsi zamanı müvafiq icazələrin alınmasının zəruriliyi, tikinti norma və qaydalarına riayət olunması, həmçinin qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib. Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun müdiri Vüqar Süleymanov açaraq şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bu cür maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşların tikinti sahəsində hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, qanunsuz tikintilərin qarşısının alınması və ərazidə şəhərsalma qaydalarına uyğun tikintinin təmin edilməsidir. Görüş zamanı iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, ünvanlanan suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.